Avropa istilik mövsümünün ilk ayında rekord həcmdə qaz ehtiyatı istifadə edib
NQ
Avropa ölkələri istilik mövsümünün ilk ayında yeraltı qaz anbarlarından rekord həcmdə qaz çıxarıb. Yay aylarında anbarlara vurulan qazın 18%-i artıq istifadə olunub.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Avropa istilik mövsümünə rekord dərəcədə aşağı qaz ehtiyatları ilə daxil olub. Oktyabrın 28-də başlayan istilik mövsümünün ilk 30 günündə anbarlardan təxminən 11 milyard kubmetr qaz çıxarılıb ki, bu da payız-qış dövrünün ilk ayı üçün rekord göstəricidir.
Noyabrın sonlarında havaların soyuması ilə Avropa İttifaqı ölkələri gündəlik qaz çıxarılmasını əhəmiyyətli dərəcədə artırıb. Noyabrın 23, 24, 25 və 26-da yeraltı anbarlardan qaz çıxarılması müvafiq tarixlər üzrə rekord həddə çatıb, noyabrın 1-dən 26-dək isə ümumi çıxarılma 10 milyard kubmetr olub.
İstilik mövsümünün ilk 30 günündə anbarlardan xalis qaz çıxarılması 9 milyard kubmetri ötüb. Bu göstərici son beş ilin orta səviyyəsindən 41% yüksəkdir. Beləliklə, Avropa ölkələri yayda soyuq mövsümə hazırlıq məqsədilə anbarlara vurulan 51,2 milyard kubmetr qazın 18%-ni artıq istifadə edib.
Noyabrın 26-na olan məlumata görə, Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 66,6% təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 76,9%-dən aşağıdır və 2011-ci ildən bəri həmin tarix üçün ən aşağı göstəricidir. Anbarlarda təxminən 72,9 milyard kubmetr qaz var ki, bu da bir il əvvəlki həcmdən 12 milyard kubmetr azdır.
Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır. Çətin şəraitdə bu göstəricinin 10 faiz bəndi aşağı salınmasına icazə verilsə də, Avropa bu il 80%-lik hədəfə belə nail ola bilməyib.