UEFA Batumidə “Beşiktaş” – “Hapoel” matçında baş verən zorakılığı pisləyib
NQ
UEFA “Beşiktaş” (Türkiyə) və “Hapoel Beer-Sheva” (İsrail) komandaları arasında Gürcüstanın Batumi şəhərində keçirilən matç, eləcə də “Marsel” (Fransa) – “Levski Sofiya” (Bolqarıstan) qarşılaşması zamanı baş verən zorakılıq hallarını pisləyib.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, UEFA noyabrın 26-da keçirilən oyunlarla bağlı azarkeşlər arasında baş verən toqquşmaların, stadionlarda iğtişaşların və zorakılıq hallarının yolverilməz olduğunu bəyan edib.
Qurumun açıqlamasında vurğulanıb ki, zorakılıq, aqressiya, nifrət, təxribatçı, ayrı-seçkilik və ekstremist davranışların futbolda yeri yoxdur. UEFA yarışları hörmət, fair-play, dürüstlük və təhlükəsizlik prinsiplərinə əsaslanır.
UEFA hadisələrin araşdırılması, faktların və şəraitin müəyyənləşdirilməsi üçün Etika və İntizam Müfəttişləri təyin edib. Araşdırma çərçivəsində mövcud sübutlar və hadisələrin təfərrüatları nəzərdən keçiriləcək.
Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Sheva” matçı tribunadakı qarışıqlıq səbəbindən ilk hissədə dayandırılıb. Qarşılaşma neytral meydanda baş tutub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Fransa klubu “Marsel” isə “Levski Sofiya” üzərində 1:0 hesablı qələbə qazanıb.