Qubada “Cyber Camp” kiber düşərgəsi fəaliyyətə başlayıb
NQ
Noyabrın 27-də Quba İdman İstirahət Təlim və Tədris Kompleksində “Cyber Camp” kiber düşərgəsinə start verilib. Noyabrın 30-dək davam edəcək düşərgə 30 Noyabr – Beynəlxalq Kompüter Təhlükəsizliyi Gününə həsr olunub.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilir.
Düşərgədə müxtəlif regionlardan 40-dan çox yeniyetmə və gənc, həmçinin AKTA-nın təşəbbüsü ilə 22 ali təhsil müəssisəsində yaradılmış kibertəhlükəsizlik klublarının üzvləri olmaqla, ümumilikdə, 100-dən artıq iştirakçı yer alır.
Proqram çərçivəsində AKTA ekspertləri tərəfindən təlimlər, ustad dərsləri və praktiki simulyasiyalar təşkil ediləcək, yekunda isə iştirakçılar “Gənclərin CTF Kuboku 2026” yarışında bilik və bacarıqlarını sınayacaqlar.