İstirahətdən məhbusluğa
AR
Ailəliklə hər il Özbəkistanın Daşkənd şəhərinə səfər edirik. Bu səfərlər həm qohum-əqrəbanı görmək, həm də bir qədər dincəlmək üçün gözəl fürsətdir. Budəfəki səfərimiz də istisna deyildi. Yaxınlarımızla görüşmüş, xoş günlər keçirmiş, istirahətimizi ürəyimizcə başa vurmuşduq.
Artıq Bakıya qayıtmaq vaxtı çatmışdı. Əşyaları yığıb doğmalarımızla sağollaşdıq, sonra hava limanına yollandıq. Hər şey adi qaydada davam edirdi. Bizi qarşıda nə gözlədiyini təsəvvür belə etmirdik.
Pasport nəzarətindən keçərkən bizi qəfil saxladılar. Əməkdaşlar bildirdilər ki, Özbəkistanda həmin ildən etibarən yeni miqrasiya qaydaları qüvvəyə minib. Yeni qərara əsasən, ölkədə on gündən artıq qalmaq olmazmış. Biz limiti ötüb dörd gün artıq qalmışdıq.
Bakıya qayıtmağa tələsməyimizin də öz səbəbi vardı. Səhər yoldaşım işdə olmalı idi. Vaxtımızı hesablamış, biletimizi almış, hər şeyi əvvəlcədən planlaşdırmışdıq. Bir anda bütün planlarımız alt-üst oldu.
Aeroport əməkdaşlarını çağırdılar və bizə miqrasiya qanunlarını pozduğumuzu bildirdilər. Ardınca isə bizi dəmir barmaqlıqlar arxasına saldılar.
Həmin an keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir. Uşaqlar, mən o qədər ağladım ki… Yoldaşım isə nisbətən sakit görünürdü. Onun peşəsi ilə əlaqədar həbsxana mühiti ona yad deyildi. Bizim üçün isə bu, dəhşətli bir mənzərə idi. Dəmir barmaqlıqlar, qapalı məkan, yad baxışlar… Özümüzü sanki qəfil başqa bir dünyanın içində tapmışdıq.
Yoldaşım bizi orada saxlamamaları üçün əlindən gələni etdi. Etiraz edir, izah etməyə çalışır, mübahisə edirdi, amma heç nə dəyişmədi. Təxminən bir saat içəridə qalası olduq.
Nəhayət, kömək çağırdıq. Bir müddət sonra əməkdaşlar gəldilər və bizə dörd min dollar cərimə ödəməli olduğumuzu bildirdilər.
Beləcə, gözləmədiyimiz bir vəziyyətlə üz-üzə qaldıq. Ümidsiz, pərişan və peşman halda yenidən qohumlarımızın evinə qayıtdıq. Xoşbəxtlikdən, yaxınlarımız bu cəriməni ödəməyə razılaşdılar. Məqsədimiz bir an əvvəl Bakıya qayıtmaq idi.
Cəriməni ödədik. Üç gün sonra yenidən bilet aldıq. Bu dəfə hər şeyin qaydasında olacağına, nəhayət, Bakıya qayıdacağımıza ümid edirdik.
Həyat sanki bizimlə zarafat edirdi.
Yenidən hava limanına gəldik. Pasport nəzarətindən keçərkən bu dəfə başqa bir səbəblə qarşımızı kəsdilər. Məlum oldu ki, yoldaşım Özbəkistanda anadan olduğu üçün onun köhnə vətəndaşlıq pasportu hələ də sistemdə qalırmış. Bu məsələ də yeni problem yaratdı və biz yenə təyyarəyə minə bilmədik.
Beləcə, ikinci dəfə də Bakıya qayıtmaq cəhdimiz uğursuzluqla nəticələndi.
Günlər keçirdi, amma biz hələ də Özbəkistanda idik. Hər günümüz bir ümidlə başlayır, yeni bir maneə ilə başa çatırdı. Artıq bu, istirahət deyildi. Nə qonaqlıqdan, nə gəzintidən, nə də xoş günlərdən əsər-əlamət qalmışdı. Öz ölkənə qayıda bilməməyin, hər an yeni bir problemlə qarşılaşacağın qorxusunun nə demək olduğunu yaşayaraq öyrənirdik.
Ən ağırı isə yad ölkədə olmaqdan çox, öz evinə, öz torpağına qayıtmaq üçün çarəsiz qalmaq idi.
Biz Daşkəndə doğmalarımızı görmək və istirahət etmək üçün getmişdik. Geri dönüş isə gözlənilməz bir sınağa çevrildi. Dörd min dollarlıq cərimə, iki uğursuz uçuş cəhdi, dəmir barmaqlıqlar arxasında keçən o qorxulu saat, günlərlə davam edən qeyri-müəyyənlik…
Həmin səfərdən bir həqiqəti anladım: İnsan bəzən azadlığın, rahatlığın və doğma evinin qədrini yalnız onlardan uzaq düşəndə anlayır.
Bizim üçün ən böyük arzu artıq istirahət etmək, gəzmək, əylənmək deyildi. Sadəcə Bakıya qayıtmaq, öz evimizin qapısını açmaq və rahat nəfəs almaq idi. Bəzən insanın ən böyük arzusu sadəcə öz ölkəsində, öz evində olmaqdır.
Səbinə Cəfərova