BBC: "Əsəd rejimi amerikalı jurnalistin oğurlanmasını həftələrlə planlaşdırıb"
RH
2012-ci ildə Suriyada vətəndaş müharibəsini işıqlandırarkən itkin düşən amerikalı jurnalist Ostin Taysın əvvəllər zənn edildiyi kimi təsadüfən nəzarət-buraxılış məntəqəsinə düşmədiyi, əksinə bir aydan çox planlaşdırılan xüsusi əməliyyat nəticəsində qaçırıldığı ortaya çıxıb. Axtarışlar zamanı Taysı saxlayan qrupun üzvü olan və rejimin "Milli Müdafiə Qüvvələri"nin (NDF) keçmiş mənsubu Əbu Əlinin iddiaları qaçırılma əməliyyatına şəxsən sabiq ölkə rəhbəri Bəşər Əsəd tərəfindən icazə verildiyini göstərir.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kapitanı və "Washington Post" nəşrinin müxbirinin ələ keçirilməsi onun etibar etdiyi, lakin rejimə məlumat ötürən şəxsi sürücüsünün xəyanəti nəticəsində mümkün olub. Rejimin süqutundan sonra tapılan yüzlərlə səhifəlik gizli kəşfiyyat sənədləri humanitar pozuntuları işıqlandıran jurnalistin məhz hökumət tərəfindən saxlanıldığını dəqiq sübut edir.
Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra həbsxanalardan on minlərlə məhbus azad edilsə də, ABŞ rəsmilərinin ehtimal olunan koordinatlar üzrə apardığı axtarışlarda jurnalistin izinə rast gəlinməyib. Keçmiş suriyalı komandirlərdən biri Taysın edam edildiyini bildirsə də, onun cəsədi tapılmadığı üçün bu versiya hələ də şübhə altında qalır və araşdırmalar davam edir.
Rəşad Hüseynov